Tariximiz
Ölkəmizdə anesteziologiya və reanimatologiya xidmətinin təşkili XX əsrin 60-cı illərinə təsadüf edir. Məhz 1960-cı ildə Bakı şəhəri 1 saylı kliniki xəstəxanada ilk anestezioloq-reanimatoloq ştatları açılmış və bir neçə il sonra anesteziologiya və reanimatologiya şöbəsi yaradılmışdır.
Anesteziologiya və reanimatologiya xidmətinin təşkilində və sürətli inkişafında tanınmış Vətən alimlərindən akad. M.A.Topçubaşovun, akad. F.Ə.Əfəndiyevin, akad. Z.M.Məmmədovun, akad. M.C.Cavadzadənin, akad. B.A.Ağayevin, prof. B.M.Mahmudbəyovun, prof. B.X. Abasovun və başqalarının böyük xidməti olmuşdur. İlk dövrlərdə ümumi anesteziyanın müxtəlif metodları, o cümlədən endotraxeal narkoz məhz bu böyük alim- cərrahların rəhbərlik etdiyi klinikalarda tətbiq edilmişdir.
Azərbaycanda anesteziologiya və reanimatologiya elmi məktəbinin yaranması və təşəkkül tapması ə.e.x., prof. Abbas Əhməd oğlu Axunbəylinin adı ilə bağlıdır. O respublikamızda anesteziologiya və reanimatologiya üzrə ilk elmlər doktoru olaraq bu elmin inkişafında müstəsna əhəmiyyətli işlər görmüşdür. Belə ki, 1970-ci ildə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə edən A.Ə.Axunbəylinin təşəbbüsü və bilavasitə iştirakı ilə Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutunun (hazırda Elmi Cərrahlıq Mərkəzi) nəzdində Respublikada ilk Elmi-Tədqiqat laboratoriyası təşkil edilmiş, bir neçə il sonra (1974) isə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda (hazırda Azərbaycan Tibb Universiteti) anesteziologiya və reanimatologiya kafedrası yaradılmış və bu gənc alim həmin kafedraya müdir təyin edilmişdir. Bu dövrdən etibarən anesteziologiya və reanimatologiya fənninin tədrisi yüksək səviyyəyə qaldırılmış, geniş miqyaslı elmi-tədqiqat işləri planlaşdırılaraq həyata keçırılmışdır. Başqa sözlə, bu elmin inkişafında sıçrayış izlənmiş və bunların nəticəsi olaraq sonrakı illər ərzində A.Ə.Axunbəylinin rəhbərliyi altında 30-dan çox namizədlik və doktorluq dissertasiyaları yerinə yetirilmişdir.
1976-cı ildə Respublikada anesteziologiya və reanimatologiya üzrə I elmi-praktik konfrans keçirilmiş və Respublika anestezioloq və reanimatoloqlarının Elmi-Tibbi Cəmiyyəti (ETC) yaradılmışdır. Prof. A.Ə.Axunbəyli cəmiyyətin sədri seçilmişdir. Hal-hazırda cəmiyyətin sədri Mərkəzi Klinik xəstəxanasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri, ağrı mərkəzinin məsul həkimi, tibb üzrə fəlsəfə doktoru Abdulkərimov Vuqar icra edir.
Prof. A.Ə.Axunbəyli 1966-2011-ci illər ərzində Azərbaycan Respublikası (AR) Səhiyyə Nazirliyinin (SN) baş mütəxəssisi vəzifəsində çalışaraq bu xidmətin geniş şəbəkəsinin yaradılmasında və yüksək ixtisaslı mütəxəssislər ilə təmin edilməsində çox ciddi işlər görmüşdür. Əgər 60-cı illərin ortalarında Respublikada olan anestezioloq və reanimatoloqların sayı cəmi 9 təşkil edirdisə, hazırda bu say 1200 nəfəri keçmişdir. Prof. A.Ə.Axunbəyli keşmiş SSRİ miqyasında tanınmış və nüfüzlu bir alim kimi uzun illər “Anesteziologiya və reanimatologiya” (Moskva), “Reanimatologiya” (Alma-Ata) və digər elmi tibbi jurnalların redaksiya şurasının üzvü olmuşdur.
Keçən əsrin 80-ci illərində Ə.Əliyev adına ADHTİ İnstitutunda anesteziologiya və reanimatologiya kafedrası yaradılmış və ona prof. S.N.Linyov (elmi rəhbər akad. M.C.Cavadzadə) müdir təyin edilmişdir. Bu elmi məktəb də anesteziologiya və reanimatologiya üzrə alimlərin və həkim-mütəxəssislərin yetişdirilməsində əhəmiyyətli rol oynayır.
Hal-hazırda AR SN-nin anesteziologiya və reanimatologiya ixtisası üzrə baş mütəxəssisi vəzifəsini Azərbaycan Tibb Universitetinin Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Məhərrəmbəyli İsrail icra edir.
2011-ci ildən etibarən ölkəmizdə anesteziologiya və reanimotologiya üzrə həkim-mütəxəssislərin hazırlanmasında yeni bir mərhələ başlanmışdır ki, o da 3 illik rezidentura təhsilinin tətbiqindən ibarətdir.